CƏMİYYƏT
Kürdəmirdə mənzillərdən oğurluq edən rayon sakini cinayət məsuliyyətinə cəlb olunub
Bakı, 18 sentyabr, AZƏRTAC
Kürdəmir rayonunun Qaraqocalı kənd sakini Cəlal Əhmədov sentyabrın 16-da rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən 1910 manat pulun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən uğurlu əməliyyat-axtarış tədbirləri keçirilib. Oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Allahverdiyev saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Aparılan araşdırmalar nəticəsində F.Allahverdiyevin digər cinayət əməlində də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin bir neçə gün əvvəl vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyalarını, digər bir vətəndaşa məxsus evdən isə məişət əşyalarını və yataq dəstini oğurladığı məlum olub. Oğurlanan əşyaların və pulun müəyyən bir qismi maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.