REGİONLAR
Kürdəmirdə pambıq yığımında müasir kombaynlardan geniş istifadə olunur
Kürdəmir, 12 oktyabr, AZƏRTAC
Kürdəmirdə cari mövsümdə 5030 hektar sahədə “ağ qızıl” yetişdirilib və hazırda tarlalarda məhsul yığımı sürətlə davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul toplanışına 2000 nəfərə yaxın işçi qüvvəsi, 14 pambıqyığan maşın cəlb olunub. Hələlik sahələrdən 3360 ton pambıq yığılıb. Məhsulun yarıdan çoxu məhz kombaynlarla toplanıb. Bu texnikalar arasında “Aqrolizinq” ASC-nin ölkəyə gətirərək güzəştli şərtlərlə fermerlərə verdiyi “John Deer” şirkətinin müasir kombaynları da var. Keyfiyyəti və səmərəliliyi ilə seçilən “John Deer” şirkətinin “9970” markalı pambıqyığan kombaynları yüksək məhsuldarlığa malikdir. Bu kombaynlar dörd cərgənin (cərgəarası 60-90 santimetr) pambığını qozalar 70-80 faiz açıldığı halda belə, bir dəfəyə yığa bilir. Nəticədə yığılan pambığın maya dəyəri də aşağı düşür. Bu texnikalar, eyni zamanda, pambığı başqa kombaynlarla müqayisədə daha təmiz yığır. “John Deer” şirkətinin pambıqyığan kombaynlarının idarəetməsi asan, manevretmə qabiliyyəti isə yüksəkdir.
Qeyd edək ki, bütün ərazi vahidlərində mühüm strateji məhsul olan “ağ qızıl”ın vaxtında və itkisiz yığılması üçün əsas diqqət pambıqyığan maşınların qüvvəsindən maksimum istifadəyə yönəldilib. Təsadüfi deyil ki, hazırda Ərəbqubalı, Qarasu, Şilyan, Böyük Kəngərli, Muradxan və bir sıra digər ərazi vahidlərində hər gün yığılan məhsulda texnikanın payı daha çoxdur.