REGİONLAR
Kürdəmirdə şəhid Nurlan Eminovun xatirəsinə bulaq tikilib
Kürdəmir, 25 yanvar, AZƏRTAC
Kürdəmir rayonunun Ərəbqubalı kəndində Vətən müharibəsi şəhidi Nurlan Pərviz oğlu Eminovun xatirəsinə tikilən bulağın açılışı olub. Açılış mərasimində rayon rəhbərliyi, din xadimləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları öncə şəhidin məzarını ziyarət edib, üstünə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.
Bulağın açılışında 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən danışılıb. Bildirilib ki, bu qələbə xalqımızın birliyi, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı sayəsində qazanılıb. Çıxışlarda, habelə şəhid Nurlan Eminovun qısa, şərəfli həyat yolundan bəhs olunub.
Nurlanın ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra Ərəbqubalı tam orta məktəbinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, Nurlan Pərviz oğlu Eminov 2000-ci il iyulun 2-də Kürdəmirin Ərəbqubalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə hərbi xidmətini başa vurduqdan sonra geri qayıdıb. Hərbçi olmaq istəyi həmin ilin fevralında onu yenidən hərbi hissəyə qaytarıb. Quru qoşunlarında həmlə qrupunda kəşfiyyatçı kimi xidmətini davam etdirib və qısa vaxtda baş çavuş rütbəsinə yüksəlib. Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb, öz borcunu şərəflə yerinə yetirib. 2020-ci il oktyabrın 3-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Hazırda doğulub boya-başa çatdığı kənd qəbiristanlığında uyuyur.
Nurlan Eminov ölümündən sonra Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.