REGİONLAR
Kürdəmirdə şəhid Səid Bayramovun xatirəsinə tikilən bulağın açılışı olub VİDEO
Kürdəmir, 13 iyul, AZƏRTAC
İyulun 13-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində şəhid Səid Bayramovun doğum günündə adına tikilən xatirə bulağının açılışı olub. Açılış mərasimində rayon rəsmiləri, şəhidin döyüş yoldaşları, təhsil aldığı məktəbin kollektivi, yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edənlər şəhid Səidin qısa, şərəfli həyat yolundan danışıb, vətənpərvər, el-obaya bağlı bir insan olduğunu söyləyiblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən danışan çıxışçılar Səid və onun kimi şəhidlərin qanının yerdə qalmadığını vurğulayıblar. Şəhidin atası Eldəniz Bayramov şəhidlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, şəhid Səid Eldəniz oğlu Bayramov 1999-cu il iyulun 13-də Kürdəmirin Çöl-Ərəb kəndində doğulub, burada boya-başa çatıb. Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə gedib. Düşmənlə üzbəüz təmas xəttində xidmət edən Səid bir neçə dəfə hərbi hissənin fərqlənməyə görə təltiflərinə layiq görülüb. Müddətini uğurla başa vurduqdan sonra yenidən öz doğma yurduna, Kürdəmirə dönüb. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlananda qardaşı Əli ilə birlikdə cəbhəyə gedib. Cəbhənin ayrı-ayrı yerlərində döyüşlərə qatılan Bayramov qardaşları böyük şücaətlər göstəriblər. Səid Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşub. Son olaraq isə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşüb, ağır yaralanıb və şəhidlik zirvəsinə ucalıb. Nəşi doğulub boya-başa çatdığı Çöl-Ərəb kəndinə gətirilib və torpağa tapşırılıb.
Ölümündən sonra Səid Bayramov Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, ”Şuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub.