REGİONLAR


Kürdəmirdə şəhid Ziya Nurməmmədovun xatirəsi anılıb

Kürdəmir, 3 dekabr, AZƏRTAC

Kürdəmirdə Vətən müharibəsi şəhidi Ziya Zabit oğlu Nurməmmədovun xatirəsi anılıb. Sığırlı kənd qəbiristanlığında keçirilən mərasimdə rayon rəhbərliyi, kənd sakinləri, şəhidin ailə üzvləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidin məzarı üstünə çiçəklər düzülüb, xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda Ziyanın qısa, şərəfli ömür yolundan danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlanan və 44 gündə başa çatan Vətən müharibəsində qazanılan tarixi Qələbədən bəhs edilib, bu gün hər bir azərbaycanlı üçün əziz olan Ziya və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib.

Mərasimdə şəhidin “Cəsur döyüşçü” medalı atası Zabit Nurməmmədova təqdim olunub. Şəhid atası göstərilən diqqət və qayığıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Ziya Nurməmmədov 2001-ci ildə Sığırlı kəndində dünyaya gəlib. Ailənin tək oğul övladı idi. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb, cəsarətlə vuruşub. Füzuli istiqamətində gedən döyüşlər zamanı - oktyabrın 13-də qəhramancasına şəhid olub. “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, bu yaxınlarda kənddə şəhidin xatirəsinə bulaq da istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.