REGİONLAR


Kürdəmirdə şəhidin xatirəsinə bulaq tikilib

Kürdəmir, 21 iyun, AZƏRTAC

Kürdəmir rayonunun Şahsevən kəndində birinci Qarabağ müharibəsinin şəhidi Sərdar Səftər oğlu Əmiraslanovun adına tikilən bulağın açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimindən öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda şəhid Sərdar Əmiraslanov barədə xatirələr söylənilib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışılıb.

Şəhidin bacısı Nailə Əmiraslanova göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.

Tədbirdə məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Qeyd edək ki, şəhid Sərdar Səftər oğlu Əmiraslanov 1970-ci ildə Kürdəmirin Şahsevən kəndində anadan olub. Təhsilini rayonun Şahsevən kənd tam orta məktəbində alıb. 1988-1990-cı illərdə Rusiyada hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra rayondakı pambıq zavodunda operator kimi çalışıb. İdmanla da məşğul olub. Güləş üzrə 2 dəfə respublika çempionu adını qazanıb. Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, Ağdam, Xocavənd, Ağdərə, Suqovuşan istiqamətlərində igidliklə vuruşub. Son döyüşü Tərtər istiqamətində olub. 1992-ci ilin iyunun 18-də qəhrəmancasına şəhid olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.