REGİONLAR
Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub
Kürdəmir, 29 may, AZƏRTAC
Kürdəmirdə şəhid kiçik çavuş Əli Əvəz oğlu Məmmədovun xatirəsinə tikilən bulağın açılışı olub. Bulaq Kürdəmir-Ağsu yolunun kənarında rayonun Atakişili kəndi ərazisində inşa edilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində rayon rəhbərliyi, şəhid anaları, Əli Məmmədovun döyüş yoldaşları, məktəblilər və ailə üzvləri iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 30 illik işğal altında olan torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən, bu qələbədə igid Vətən oğullarımızın qəhrəmanlıqlarından söhbət açılıb. Qeyd olunub ki, bu kimi tədbirlərin keçirilməsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi gənclərdə və yeniyetmələrdə vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olur. Şəhidin atası Əvəz Məmmədov göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə məktəblilərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Qeyd edək ki, şəhid Əli Məmmədov 1998-ci ildə Kürdəmir rayonunun Atakişili kəndində dünyaya göz açıb. Ailənin sonbeşiyi və dörd bacının yeganə qardaşı olan Əli hələ uşaq ikən hərbçi olmağı arzulayıb. Bu arzu sərhəd qoşunlarında keçdiyi həqiqi hərbi xidmətdən sonra onu 3 aylıq kursdan sonra yenidən müddətdən artıq hərbçi kimi ordu sıralarına xidmətə gətirdi. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Əli də döyüşə atılıb. Kiçik çavuş Əli Məmmədov cəsur kəşfiyyatçı kimi cəbhənin bir çox istiqamətlərində çalışıb. Hələ iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə də xüsusi fədakarlıq göstərən Əli Vətən müharibəsində cəbhənin Ağdərə, Füzuli istiqamətlərində vuruşub, Murovdağ yüksəkliyinin, Talış kəndinin, Suqovuşanın işğaldan azad olunmasında qəhrəmanlıq göstərib. Noyabrın 4-də şəhidlik zirvəsinə yüksəlib.
Şəhidin nəşi Kürdəmirin Şıxımlı kənd qəbiristanlığında torpağa tapşırılıb.