REGİONLAR


Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

Kürdəmir, 9 may, AZƏRTAC

Kürdəmirin Mürtülü kəndində Birinci Qarabağ müharibəsi şəhidi, baş leytenant, “Azərbaycan bayrağı ordenli” Tahir Ağakişi oğlu İslamovun adına tikilən bulağın açılışı olub. Açılış mərasimində rayon rəsmiləri, kənd sakinləri, şəhidin döyüş yoldaşları, təhsil aldığı Dəyirmanlı kənd orta məktəbinin müəllim və şagirdləri, doğmaları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mürtülü kəndində yol kənarında inşa olunan bulağın açılışından əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda baş leytenant Tahir İslamovun həyat və döyüş yolundan xatirələr söylənilib, göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıb. Vurğulanıb ki, Tahir İslamov 1969-cu ilin sentyabrın 2-də Kürdəmirin Dəyirmanlı kəndində anadan olub. Orta təhsilini 1986-cı ildə Yenikənd kənd orta məktəbində bitirdikdən sonra keçmiş SSRİ-nin Frunze adına Odessa Ali Hərbi Artilleriya Məktəbinin komandirlər hazırlayan şöbəsinə daxil olub. 1990-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Zaqafqaziya hərbi dairəsində xidmətə başlayıb. Elə həmin ilin iyunun 26-da leytenant rütbəsi alaraq hərbi xidmətə başlayıb. İyirmi üç yaşı tamam olmağına 4 ay qalmış, 1992–ci il mayın 6-da Füzuli rayonunun Xırmancıq ərazisində gedən qanlı döyüşlərdə batareya komandiri Tahir İslamov şəhid olub. Onun cənazəsi doğulduğu kəndin məzarlığında torpağa tapşırılıb. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Bir vaxtlar təhsil aldığı Dəyirmanlı kənd orta məktəbinə onun adı verilib.

Bulağın açılış mərasimində şəhidin anası Elmira İslamova çıxış edərək onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlığını bildirib. Sonra Dəyirmanlı kənd orta məktəbi şagirdlərinin ifasında vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Açılışdan sonra mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək çiçəklər düzüblər. Ruhuna dualar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.