REGİONLAR
Kürdəmirdə şəhidlərin xatirəsinə bulaq tikilib
Kürdəmir, 10 yanvar, AZƏRTAC
Kürdəmir rayonunun Quşlar kəndində Vətən müharibəsi şəhidləri Elnur Vəfadar oğlu İmamverdiyevin, Ziyadxan İbrahim oğlu Əliyevin və Əbdülhəsən Balaş oğlu Eyvazovun xatirəsinə tikilən bulağın açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Kürdəmirdə Şəhidlər xiyabanını ziyarət edib, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Vətən oğullarının xatirələrini ehtiramla anıblar.
Quşlar kənd ümumi orta məktəbinin qarşısında inşa olunan xatirə bulağının açılışında şəhidlərin qısa və şərəfli həyat tarixçəsindən danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirələrinin hamımız üçün daim əziz olduğu vurğulanıb.
Məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.