CƏMİYYƏT
Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb
Bakı, 13 avqust, AZƏRTAC
Daxili işlər orqanları ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşası istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, 10 nəfər Kürdəmir rayon sakini rayon polis şöbəsinə müraciət edərək cari ilin aprel-may aylarında Nemət adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək iri və xırdabuynuzlu heyvanlarını ələ keçirdiyini bildiriblər.
Daxil olmuş müraciətlər əsasında Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayonun Muradxan kənd sakini Nemət Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı o, törətdiyi əməllərini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, N.Baxşiyev qeyd edilən aylarda rayonun Çərtəyəz, Çöl-Ərəb, Ərəbxana, Sor-Sor və Yenikənd kənd sakini olan 10 təsərrüfatçının etibarından istifadə edərək, aldatma yolu ilə onlara məxsus ümumilikdə 25 iribuynuzlu və 28 xırdabuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişlərə ümumilikdə 21528 manat maddi ziyan vurub. Sonra isə həmin heyvanları dəyərindən ucuz qiymətə satan N.Baxşiyev əldə etdiyi pulları xərcləyib.
Faktlarla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əgər A.N.Baxşiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in 102 xidmətinə, həmçinin Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.