REGİONLAR
Kürdəmirdə zəncirvari avtomobil qəzası baş verib VİDEO
Kürdəmir, 29 fevral, AZƏRTAC
Kürdəmirdə yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən axşam Bakı-Qazax yolunun 204-cü kilometrində rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü, 1954-cü il təvəllüdlü Dadaşov Gülməmməd Selan oğlu “Ford” markalı mikroavtobusla Bakı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Bu vaxt arxadan gələn Bərdə sakini, 1979-cu il təvəllüdlü Abbasov Namiq Bayram oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yolda ölüb qalan iribuynuzlu heyvana çırpılıb. Daha sonra “Mercedes” markalı avtomobilin sürücüsü, 1982-ci il təvəllüdlü Bərdə sakini Abdullayev Samir Vaqif oğlu hadisəni görüb sürəti azaldıb. Arxadan sürətlə gələn Bərdə sakini Azər adlı sürücü idarə etdiyi “Wolksvagen” markalı avtomaşınla ona çırpılıb. Nəticədə “Mercedes” yoldan çıxaraq su kanalına düşüb. “Mercedes”də olan sərnişinlər - Bakı sakinləri, 1983-cü il təvəllüdlü Məhərrəmov Zakir Baxşəli oğlu,1956-cı il təvəllüdlü Rəhimov Qalib Kərim oğlu, Bərdə sakini, 1988-ci il təvəllüdlü Novruzova Vüsalə Mehman qızı və “Ford”un sürücüsü, Kürdəmir rayon sakini, 1954-cü il təvəllüdlü Dadaşov Gülməmməd Selan oğlu bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.