REGİONLAR


Kürdəmirin Mollakənd və Muradxan kəndlərinə təbii qaz verilib

Kürdəmir, 31 oktyabr, AZƏRTAC

Respublikamızın hər yerində, o cümlədən Kürdəmir rayonunda yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Oktyabrın 31-də rayonun daha iki kəndinə - 3227 nəfər əhalisi olan Mollakənd və 3104 nəfər sakinin yaşadığı Muradxan yaşayış məntəqələrinə təbii qaz verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 576 abonenti olan Mollakənd və 521 abonenti olan Muradxan kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 13615 metr daşıyıcı, 90257 yerüstü məhəllədaxili paylayıcı qaz xətləri çəkilib, mənzillərə 1097 tənzimləyici və qaz sayğacı quraşdırılıb. Hər bir mənzilin mətbəxinə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili qaz xətti çəkilib.

Yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə Mollakənd kəndində açılış mərasimi keçirilib. Kənd tam orta məktəbin həyətində təşkil edilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafından, bölgələrdə, o cümlədən Kürdəmirdə reallaşdırılan sosial layihələrdən danışıb. Qeyd olunub ki, hazırda Kürdəmir şəhəri də daxil olmaqla, 62 yaşayış məntəqəsinin 56-na təbii qaz verilib. 19893 abonent “mavi yanacaq”dan istifadə edir ki, bu da rayon əhalisinin 95 faizini təşkil edir. Bu gün də daha iki kəndə təbii qaz verilir. Beləliklə, qazlaşdırılan yaşayış məntəqələrinin sayı 58-ə çatıb. Hazırda rayonun Qarasu kəndində qazlaşdırma işləri aparılır. Qalan üç yaşayış məntəqəsində - Qarabucaq qəsəbə, Qarabucaq kənd və Qurdbayram kəndlərində layihə-smeta işləri görülür.

Mərasimdə çıxış edən Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov dövlətimizin başçısının tapşırığı ilə yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Kənd sakinləri Akif İbrahimov, Ətirə İsayeva və başqaları çıxışlarında təbii qazın verilməsi ilə əlaqədar sevinclərini ifadə edib, kəndlərin sosial-iqtisadi inkişafına, insanların güzəranının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl alovlandırılıb, kəndlərə təbii qaz verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.