ELM VƏ TƏHSİL


Kürdəmirli əkizlər Bakı Ali Neft Məktəbini seçdi

Bakı, 17 sentyabr, AZƏRTAC

Ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaq istəyən abituriyentlər arasında əkiz qardaşlar da var.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Qeyd olunub ki, Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 nömrəli məktəbdə təhsil almış Vüqar və İlqar Nəsirli qardaşları orta məktəbi 2020-ci ildə fərqlənmə attestatları ilə bitiriblər. Onlar təhsil aldıqları müddətdə dəfələrlə “İlin şagirdi” seçilib, müxtəlif fənn olimpiadaları üzrə əsas yerlərin qalibi olublar. “Poliqon”, “Nə? Harada? Nə zaman?”, “Xəmsə” kimi müxtəlif intellektual yarışlarda, eləcə də “Əlaçı” verilişində iştirak ediblər.

Təhsil aldıqları müddətdə məktəbdə dəfələrlə intellektual yarışmalar keçirib və müxtəlif mükafatlarla təltif olunublar.

Bu il keçirilən qəbul imtahanlarında İlqar Nəsirli 656,2, Vüqar Nəsirli isə 645 bal toplayıb. Onların məqsədi Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil almaqdır.

Xatırladaq ki, ötən tədris ilində də Bakı Ali Neft Məktəbinə Kürdəmirdən olan əkiz qardaşlar qəbul edilib. Qardaşlardan Rəşad Azadlı neft-qaz mühəndisliyi ixtisası üzrə 679.3 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.