REGİONLAR
Kürdəmirli fermer: Dövlətimizin dəstəyi və torpağa bağlılığımız bizi təsərrüfatı genişləndirməyə ruhlandırır
Kürdəmir, 16 avqust, AZƏRTAC
Kürdəmir rayonunun Bağman kənd sakini Vidadi Pirişova məxsus ailə fermer təsərrüfatı son illər pambıqçılıqla məşğuldur və cari mövsümdə 17 hektar sahədə “ağ qızıl” yetişdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailə fermer təsərrüfatı tarlada kompleks becərmə tədbirlərini vaxtında və yüksək keyfiyyətlə aparıb və artıq daban qozalar yetişməkdədir. Ötən il becərdikləri 13 hektar sahənin hər hektarından 25,5 sentner pambıq götürən ailə bu il daha çox - 35 sentner məhsul əldə etmək əzmindədir.
Torpağa bağlılıq, təsərrüfatın ildən-ilə genişləndirilməsinə maraq və əldə olunan uğurlar pirişovlar ailəsinə hörmət qazandırıb. Təsadüfi deyildir ki, təsərrüfatın başçısı Vidadi Pirişova rayon icra hakimiyyətinin Fəxri Fərmanı verilib.
Ailə fermer təsərrüfatında pambıq əkinlərinin daha da artırılması, yüksək məhsuldarlıq üçün böyük maraq var. Vidadi Pirişov bununla əlaqədar AZƏRTAC-ın müxbirinə deyib: “Əlbəttə, pambıqçılıq böyük zəhmət tələb edən sahədir. Əldə etdiyimiz təcrübə, dövlət dəstəyi və torpağa bağlılığımız bizi təsərrüfatın bu sahəsini ildən-ilə genişləndirməyə ruhlandırır”.