DÜNYA
Kurık limanından ilin əvvəlindən təxminən 25 min ton yük daşınıb
Nur-Sultan, 20 yanvar, AZƏRTAC
Qazaxıstanın Kurık limanından 2022-ci ilin əvvəlindən təxminən 25 min ton yük daşınıb. Ölkədə baş verən iğtişaşlardan sonra ötən həftə “Port Kuryk” MMC fəaliyyətini tam bərpa edib və hazırda normal rejimdə işləyir.
AZƏRTAC xəbər verir ki, Kurık limanı vasitəsilə bərə xidməti qrafikə uyğun həyata keçirilir.
Cari ilin yanvar ayında yükdaşımaların həcmi 24,8 min tona çatıb. Qeyd edək ki, Kurık limanının inkişafı konsepsiyası çərçivəsində 2030-cu ilə qədər investisiyaların proqnozu 120 milyard tengədir.
Hazırda Kurık bərə kompleksi vasitəsilə Qazaxıstan taxılı, kömür, neft məhsulları, gübrələr və kimyəvi maddələr ixrac edir. İdxal ərzaq, sənaye avadanlıqları, tikinti materialları və digər mallardır.
Xatırladaq ki, 2021-ci ilin dekabrında Kurık limanı 5 illiyini qeyd edib. Kurık dəniz limanı Çindən Azərbaycana, Gürcüstana və Avropa ölkələrinə yüklərin multimodal daşınmasını təmin edən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun mühüm həlqəsidir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan