HEYDƏR ƏLİYEV - 100
Kurqan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub VİDEO
Kurqan, 15 aprel, AZƏRTAC
Rusiyanın Kurqan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan muğam gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu və Kurqan vilayətindəki “Odlar yurdu” Milli-Mədəni İctimai Təşkilatının dəstəyi ilə keçirilən muğam gecəsində Azərbaycanın Xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun möhtəşəm ifaları səslənib.
Azərbaycan muğamının incilərini Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), xanəndə Aytən Məhərrəmova təqdim ediblər.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi təşkil olunub.
Gecənin rəsmi hissəsi “Heydər Əliyev-Rusiyadan baxış” filminin nümayişi ilə başlayıb.
Kurqan vilayəti qubernatorunun müavini Natalya Kirilova qubernator Vadim Şumkovun tədbir iştirakçılarına müraciətini oxuyub. Qubernator qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin adı bütün dünyada ehtiramla anılır. Müasir müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi məhz onun adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin xidmətləri Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaq.
Kurqan vilayəti Dumasının sədri Dmitri Fralov çıxışında bildirib ki, görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycan tarixində rolu əvəzolunmazdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verib və bu ənənə hazırda davam etdirilir.
D.Fralov Heydər Əliyevin 1985-ci ildə Kurqana səfərini xatırladıb, onun vilayətin problemləri ilə yaxından maraqlandığını vurğulayıb. O, həmçinin Kurqanın Azərbaycan diasporunun regionun sosial-iqtisadi həyatında yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafında rolundan söhbət açıb, keçmiş SSRİ respublikalarında, o cümlədən Rusiyada Ulu Öndərin xidmətlərinin yüksək qiymətləndirildiyini bildirib.
Diplomat keçmiş SSRİ rəhbərliyində çalışarkən Heydər Əliyevin nəzarət etdiyi sahələrdə həyata keçirilən uğurlu layihələr, xalqın təkidi ilə Azərbaycan rəhbərliyinə qayıdışından sonra ölkəmizin müasir tarixinə qızıl hərflərlə yazılmış sürətli inkişaf illərindən ətraflı bəhs edib.
Kurqanda fəaliyyət göstərən “Odlar yurdu” Milli-Mədəni İctimai Təşkilatının sədri Niftulla Niftullayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan diasporunun formalaşmasında xidmətlərindən danışıb, onun Azərbaycan tarixində rolunu xüsusi vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Ural, Sibir və Uzaq Şərq federal dairələrində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə tədbirlərin, o cümlədən kitab təqdimatlarının, sərgilərin keçirilməsi nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Kurqan