REGİONLAR
Kürün sahilində yaradılan çimərlikdə təhlükəsizliyə ciddi nəzarət olunur
Salyan, 7 iyul, Mahir Babayev, AZƏRTAC
Yayda istirahət üçün kimisi dağlar qoynuna, kimisi dənizə, kimisi də çaya üz tutur. Qızmar yay günlərində salyanlıların da ən çox üz tutduğu yerlərdən biri Kür çayının sahilidir.
AZƏRTAC xəbər verir ki, bir neçə il bundan öncə çayın sahilində yaradılan çimərlik yay aylarında rayon sakinlərinin, xüsusilə yeniyetmə və gənclərin sevimli istirahət məkanına çevrilir. Bura gələnlər suya baş vuraraq sərinləyir, qızmar qum üzərində uzanaraq günəş şüası qəbul edirlər. Sakinlər dənizdən fərqli olaraq Kür çayında çimməyin özünəməxsus özəlliklərinin olduğunu deyirlər.
Hər il olduğu kimi, bu ildə çimərliyə gələnlərin təhlükəsizliyini təmin etmək üçün sahilboyu müəyyən olunmuş xətt üzrə nişanlar qoyulub, müşahidə qülləsi quraşdırılıb. Nişanlardan kənara çıxanlara və digər çimərlik qaydalarını pozanlara dərhal xəbərdarlıq edilir.