REGİONLAR
Kutaisi və Sumqayıt Dövlət Dram teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb
Sumqayıt, 16 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrı ilə Kutaisi Dövlət Peşəkar Dram Teatrı arasında qarşılıqlı yaradıcılıq əlaqələri yaratmaq və onu inkişaf etdirmək məqsədi ilə memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandum Gürcüstan teatr xadimlərinin Sumqayıt teatrına işgüzar səfəri çərçivəsində imzalanıb. Sənədi Sumqayıt Dövlət Dram Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov və Kutaisi Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidze imzalayıblar.
Memorandumun şərtlərinə əsasən, ildə bir dəfə Sumqayıta və Kutaisiyə qastrol səfərləri, ümumi yaradıcılıq layihələrinin gerçəkləşdirilməsi, rejissor mübadiləsi və müştərək tamaşaların hazırlanması nəzərdə tutulur.
Səfər çərçivəsində Gürcüstan Teatr Xadimləri Cəmiyyətinin sədri, Gürcüstan mədəniyyət nazirinin müşaviri Georgi Geqoçkori və Lado Mesxişvili adına Kutaisi Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidze Sumqayıt Dövlət Dram Teatrı ilə yaxından tanış olub, truppa üzvləri ilə söhbət ediblər.
Daha sonra Sumqayıt Dövlət Dram Teatrı ilə Kutaisi Dövlət Peşəkar Dram Teatrı arasında yaradıcılıq əlaqələri müzakirə olunub.