İDMAN
Kütləvi bədən tərbiyəsi və idman işinin təşkilində fərqlənənlər fəxri adlara layiq görülmüşlər
Bakı, 27 dekabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin Kollegiyası ölkədə bədən tərbiyəsi və idmanın inkişafında, müəssisə və təşkilatlarda kütləvi bədən tərbiyəsi və idman işinin təşkili sahəsində xidmətlərini nəzərə alaraq bir sıra idmançılara və idman mütəxəssislərinə fəxri adların verilməsi ilə bağlı qərar qəbul etmişdir.
AZƏRTAC xəbər verir ki, dekabrın 27-də Gənclər və İdman Nazirliyində fərqlənənlərə fəxri adların təqdim edilməsinə həsr edilmiş mərasim keçirilmişdir.
Mərasimdə Vidadi Qurbanov, Oqtay Muxtarov, Mehriban Musayeva, Balaağa Zamanov, Yelena Mütəllimova, Sahib Ələsgərov, Azər Ələkbərov, Vahid Abdullayev, Nizami Qasımov, Əhliman Qəhrəmanov, Şadil Əliyev, Əvəz Mustafayev və Rövşən Kərimova “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adının diplomu təqdim edilmişdir.
“Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” fəxri adına layiq görülən mütəxəssislər sırasına İslam Məmmədzadə, Zaur Məmmədov, Ədalət Ağayev, Səməd Bağırov, Zaur Məmmədov, Elçin Süleymanov və Cəfər Hümbətov daxil olmuşlar.
“Respublika dərəcəli hakim” fəxri adı İmanbaxış Şirəli, Eldar Cabbarov və Yusif Babanlıya verilmişdir.
İdmançılardan “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” fəxri adına Teymur Məmmədov, Rüfət Ağayev və Rail Rəcəbov layiq görülmüşlər.