REGİONLAR


“Kütləvi çıxarış” kampaniyası Cəlilabadın bir şəhəri və 4 kəndini əhatə edib

Bakı, 7 fevral, AZƏRTAC

Növbəti “Kütləvi çıxarış” kampaniyası fevralın 7-də Cəlilabad rayonunun Göytəpə şəhərində keçirilib. Sosial kampaniya rayonun Maşlıq, Kazımabad, Komanlı və Bəcirəvan kəndlərini də əhatə edib.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, səyyar aksiya çərçivəsində sadalanan ərazilərdən olan 80-dək sakinə dövlət reyestrindən hazır çıxarışlar təqdim olunub. Dövlət qeydiyyatına alınmış və çıxarışla təmin olunmuş daşınmaz əmlaklar əsasən, fərdi yaşayış evləri, pay torpaqları və həyətyanı torpaq sahələrinə aiddir.

Kampaniya çərçivəsində 50-dək sakin daşınmaz əmlakını qeydiyyata almaq üçün ilkin sənədlərini səyyar ofislərə təqdim edib. İlkin qeydiyyat üçün müraciət edən bəzi sakinlərin daşınmaz əmlakları üzrə çöl-ölçmə işləri də aparılıb. Mobil ofisə yaxınlaşan digər sakinlərə xidmətlər barədə məlumat verilib. Qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı, dövlət rüsumları və xidmət haqları, çıxarışların hansı müddətə verilməsi ilə bağlı vətəndaşların sualları cavablandırılıb.

Respublikanın müxtəlif regionlarında keçirilən belə kampaniyalar daşınmaz əmlakın qeydiyyata alınması prosesini sürətləndirir, vətəndaşların mülkiyyət hüquqlarını daha rahat həyata keçirməsinə şərait yaradır. Dövlət qeydiyyatına alınmış hər bir əmlak isə sahibinə əlavə imkanlar yaradır. Bütün növ daşınmaz əmlakların çıxarışla təminatı onların hüquqi və iqtisadi əməliyyatlara cəlb olunması zamanı yarana biləcək maneələrin qarşısını alır.

Bununla yanaşı, digər sosial aksiya olan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası da həyata keçirilir. Öncədən elan edilən məkanda fəaliyyət göstərən mobil ofislərdə vətəndaşlara bütün növ qeydiyyat xidmətləri göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.