Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172; 2015, № 2, maddə 82, № 11, maddələr 1258, 1292; 2016, № 1, maddə 40, № 5, maddə 837, № 12, maddə 1986; 2017, № 12, I kitab, maddə 2254; 2018, № 1, maddə 16) aşağıdakı dəyişikliklər edilsin:

1. 21-ci maddə üzrə:

1.1. birinci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.”;

1.2. beşinci hissə aşağıdakı redaksiyada verilsin:

“Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.”;

1.3. aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

“Sponsor reklamı “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yayımlanır.”.

2. 45-ci maddəyə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

“Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin