CƏMİYYƏT


Kütləvi informasiya vasitələri nümayəndələrinin Füzuli və Xocavənd rayonlarına səfəri başlayıb

Bakı, 28 aprel, Rauf Hacıyev, AZƏRTAC

Aprelin 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Füzuli və Xocavənd rayonlarına səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi işğal dövründə Füzuli və Xocavənd rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxış keçirməkdir.

Səfər çərçivəsində media nümayəndələri əvvəlcə Füzuli rayonunun İşıqlı kəndinə gəliblər. Burada məhv edilmiş təbiət abidəsinə (Şərq çinarı ağacı) baxış keçirilib.

Ekologiya və təbii sərvətlər nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində ekoloji terrorlar törədiblər. O qeyd edib ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 16 mart tarixli 167 nömrəli qərarı ilə Füzuli rayonu ərazisində təbiət abidələri kimi qeydə alınmış 11 ədəd Şərq Çinarı növünə məxsus qədim ağacların hamısı kök hissədən yandırılmış və kəsilərək məhv edilmişdir. Bunlardan ən yaşlı ağacın diametri 520 santimetr, hündürlüyü 30 metr, yaşı isə 1400 il təşkil edirdi. Füzuli rayonu İşıqlı kəndi (Tağlı körpünün yaxınlığında) ərazisində təbiət abidəsi statusuna malik diametri 450 santimetr, hündürlüyü 25 metr, yaşı 900 il olan yandırılıb kəsilmiş Şərq Çinarı yenidən pöhrələnib.

Monitorinq aparılan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Ağdam rayonlarının ərazisində təbiət abidələri kimi qeydə alınmış və qorunan 138 ağac (127 Şərq Çinarı, 5 Azat, 3 Dağdağan, 1 Armud, 1 Palıd, 1 Saqqız ağacı) məhv edilib.

Monitorinq keçirilən rayonlardan yalnız Xocavənd rayonu istisna olmaqla Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarının ərazisindəki bütün təbiət abidələri erməni vandalları tərəfindən məhv edilib.

Media nümayəndələrinin Füzuli və Xocavənd rayonlarına səfəri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.