CƏMİYYƏT


Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə restoranlar və iaşə obyektlərində monitorinqlər keçirilib VİDEO

Bakı, 14 yanvar, AZƏRTAC 

Həftəsonu Ekologiya və Təbii Sərvətlər Nazirliyi kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə paytaxtın Binəqədi və Nəsimi rayonlarında yerləşən restoran və iaşə obyektlərində monitorinqlər keçirib.

AZƏRTAC xəbər verir ki, monitorinq zamanı həmin ərazilərdəki bir neçə iaşə obyektinə baxış keçirilib, atmosferə atılan tullantılarla bağlı son vəziyyət müşahidə edilib.

Müşahidələr zamanı bir çox restoran və şadlıq saraylarında təmizləyici qurğuların quraşdırıldığı məlum olub.

İaşə obyektlərinin sahibləri əvvəllər belə qurğuların mövcudluğundan xəbərləri olmadıqlarını bildiriblər. Ölkə rəhbərinin göstərişindən sonra yeni texnologiyalar barədə araşdırma apardıqlarını və müasir təmizləyici qurğular quraşdırdıqlarını deyiblər. Onlar əvvəlki vaxtla müqayisədə havaya atılan tüstünün əhəmiyyətli dərəcədə azaldığını etiraf ediblər. Yeni avadanlıqlarla indiki avadanlıqlar arasında fərqin çox olduğunu, sakinlər tərəfindən şikayətlərin azaldığını, hətta olmadığını diqqətə çatdırıblar. İaşə obyektlərinin sahibləri, həmçinin quraşdırılan qurğulardakı filtrlərə tez-tez mütəxəssislərin baxış keçirdiyini və lazım gələrsə dəyişdirəcəklərini də vurğulayıblar.

Yaxınlıqda yaşayan Binəqədi rayon sakini İlqar Şahvələdov deyib ki, əvvəlki vəziyyətlə indiki arasında fərq çoxdur: “Sağ olsun dövlət başçımız bu məsələ ilə bağlı tapşırıq verdikdən sonra problem qismən aradan qalxıb. Başa düşə bilmirəm, gərək elə dövlət başçısı deyəydi, sonra görərdilər bu işləri? Bu ərazidə şadlıq evləri və restoranlar çoxdur. Əvvəllər iy-qoxu, qatı tüstü həddindən artıq çox olurdu. Hətta evlərdə də qoxu və tüstü hiss edilirdi. Hazırda evlərə tüstü dolmur, qoxu da az hiss olunur. Bu qurğuların filtrləri vaxtlı-vaxtında təmizlənsə və ya dəyişdirilsə yaxşı olardı. Düzdür tüstünün qarşısı tamamilə alınmayıb, ancaq bu da əvvəlki kimi narahatçılıq yaratmır”.

Nəsimi rayon sakini Sənubər Məmmədova deyib: “Əvvəllər ətrafı bürüyən qatı tüstü və qoxudan dayanmaq olmurdu. Bu da narahatçılıq yaradırdı. Hazırda şükürlər olsun vəziyyət yaxşıdır, səsimizi eşidənlərə, hökumətimizə təşəkkür edirik”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, ölkə başçısının tapşırığına əsasən ciddi ekoloji problemlərdən olan atmosfer havasına tullantıların atılmasının qarşısının alınması məqsədilə ötən ilin may ayından etibarən monitorinqlərə başlanılıb: “Burada əsas məqsəd atmosferə atılan tullantıların qarşısının alınmasıdır. Artıq 350 ictimai iaşə obyektində mövcud qurğular quraşdırılıb. 50 obyektdə qurğuların quraşdırılması istiqamətində işlər aparılır. 100-ə yaxın obyektlə bağlı isə qurğular quraşdırılmadığı üçün qanunauyğun tədbirlər görülüb. Sevindirici haldır ki, artıq qurğu quraşdırılan iaşə obyektlərində atmosferə atılan tullantılar norma daxilindədir. Qurğuların quraşdırılması sıfır tullantı demək deyil, burada müəyyən olunan norma var. Yol verilən hədd daxilində də müəyyən qoxu və tüstüyəbənzər buxarın olması normal haldır. Mütəmadi monitorinqlər aparılacaq və iaşə obyektləri nəzarətdə saxlanılacaq. Çünki qurğunun normal işləməsi və havaya normadan artıq tullantı buraxmaması üçün mütəmadi servis xidmətləri göstərilməlidir, filtrlər təmizlənməlidir. Əks təqdirdə, tərəfimizdən “məcburi göstəriş”lər veriləcək, əməl etməyənlər cərimələnəcəklər”.

Qeyd edək ki, monitorinqlər növbəti günlər ərzində şəhərin digər ərazilərində də davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.