REGİONLAR
Kütləvi tibbi müayinə çərçivəsində Sumqayıtda 11 nəfər cərrahiyyə əməliyyatı olunub
Sumqayıt, 15 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Sumqayıtda da əhalinin ödənişsiz kütləvi tibbi müayinəsi uğurla davam edir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyə Müzəffərova AZƏRTAC-a bildirib ki, əhali 10 poliklinika və 11 stasionar klinikada müayinədən keçirilir. Profilaktik tibbi müayinələrin aparıldığı müəssisələr lazımi ləvazimatlarla təmin olunub.
“Aksiyanın ilk günündən – fevralın 12-dən martın 15-nə kimi Sumqayıt şəhəri üzrə 89036 nəfər sakin müayinə olunub. Onlardan 4226 nəfər ambulator, 582 nəfər stasionar müalicəyə cəlb edilib”, - deyən Ü.Müzəffərova 11 nəfərin aksiya çərçivəsində cərrahiyyə əməliyyat olunduğunu, 40 sakinin Bakıya ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərildiyin bildirib.
Bununla yanaşı, səyyar həkim briqadaları yataq xəstələrini evlərdə müayinə edir. Bu məqsədlə tibb ocaqlarında xüsusi tibbi briqadalar fəaliyyət göstərir.
Müayinədən yararlanan sakinlər Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibətini yüksək qiymətləndirirlər.