REGİONLAR


Kütləvi tibbi müayinə vətəndaşların sağlamlığına göstərilən dövlət qayğısının daha bir təzahürüdür

Şirvan, 20 may, Mahir Babayev, AZƏRTAC

Fevralın 12-dən respublikada həyata keçirilən və 3 ay davam edən əhalinin kütləvi tibbi müayinəsi bütün regionlarda olduğu kimi, aran bölgəsində də müvəffəqiyyətlə başa çatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə altıncı dəfədir ki, keçirilən humanitar aksiya çərçivəsində Şirvan şəhər, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlarındakı səhiyyə ocaqlarında 621 min 596 nəfər tibbi müayinə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiyanı vaxtında başa çatdırmaq üçün şəhər və rayon icra hakimiyyətlərində komissiyalar təşkil olunub, xüsusi qərargah yaradılıb. Müayinələr tərtib edilmiş qrafik əsasında aparılıb. Humanitar aksiya zamanı yaşayış məntəqələrində aktivliyin təmin edilməsi məqsədilə icra hakimiyyəti orqanlarının əməkdaşları səhiyyə işçiləri ilə birlikdə əhali arasında geniş maarifləndirmə, kütləvi izahat, təbliğat və təşviqat işləri aparıb, vətəndaşların kütləvi şəkildə tibbi müayinələrdən keçmələri üçün səhiyyə ocaqlarında bütün zəruri işlər görülüb.

Humanitar aksiya 9 mərkəzi, 22 kənd xəstəxanasında, 264 həkim məntəqəsində aparılıb, müayinələrə 822 həkim və orta tibb işçisi cəlb olunub. 29 səyyar həkim briqadası ucqar yaşayış məntəqələrində insanları müayinə edib. Həmçinin xəstə insanlar evlərində müayinədən keçiriliblər. Aksiya çərçivəsində üç ay müddətində aran bölgəsi rayonlarında tibbi müayinəyə cəlb olunan 683 min 825 vətəndaşdan 621 min 596 nəfəri həkimlər tərəfindən yoxlanılıb. Müayinələr zamanı 28 min 784 nəfərin səhhətində müəyyən problemlər aşkar olunub. Onlardan 25 min 428 nəfəri ambulator, 2 min 209 nəfər stasionar müalicəyə cəlb edilib. 433 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 847 xəstə təkrar yoxlanmaq və müalicə olunmaq üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə bildirib ki, icbari tibbi müayinə dövründə mərkəzi xəstəxanada fəaliyyət göstərən cərrahiyyə, terapiya, doğum, rentgen və digər şöbələrdə əhaliyə nümunəvi xidmət göstərilib. Müayinə zamanı xəstəlik aşkar olunan sakinlərdən 1244 nəfər ambulator, 103 nəfər stasionar müalicəyə cəlb olunub.

Müayinədən keçmiş vətəndaşlar əhalinin sağlamlığının qorunmasına göstərilən qayğıya görə humanitar aksiyanın təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlardan biri də Neftçala şəhər sakini Fərid Əhmədovdur. O, ailə üzvləri ilə birlikdə bu humanist aksiyadan yararlanıb. “Yoxlama zamanı hər hansı xəstəlik aşkar olunmadı. İndi səhhətimizdən heç bir nigarançılığımız yoxdur. Bizə bu şəraiti yaradan dövlətimizin başçısına ailəmiz adından təşəkkür edirəm”, - deyə F.Əhmədov bildirib.

Bu gün ölkə səhiyyəsində bir sıra mühüm islahatlar həyata keçirilir. Vətəndaşların sağlamlığının qorunması, göstərilən tibbi xidmətin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi uğurla reallaşdırılan sosial siyasətin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin əhalinin sağlamlığına diqqətinin göstəricisidir ki, son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər görülür, şəhərlərdə, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə müasir avadanlıqlarla təchiz olunmuş yeni xəstəxanalar, tibb məntəqələri tikilərək istifadəyə verilir, səhiyyə xidmətinin yaxşılaşdırılması üçün ardıcıl, təxirəsalınmaz tədbirlər görülür. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına əsasən, 2014-cü ildən başlayaraq ölkə vətəndaşlarının kütləvi tibbi müayinəyə cəlb edilməsini xüsusi vurğulamaq lazımdır. Dövlətimizin başçısının ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın uğurla reallaşdırılması vətəndaşların sağlamlığına göstərilən qayğının daha bir təzahürüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.