DÜNYA
Küveyt hökuməti 10 faizlik korporativ vergi tətbiq edəcək
Bakı, 21 may, AZƏRTAC
Küveytin Nazirlər Kabineti korporativ gəlirlərdən 10 faiz dərəcəsi ilə vergi tutmaq barədə təklifi qəbul edib. Bu addımın atılması növbəti maliyyə ilində 12 milyard Küveyt dinarına çatacağı proqnozlaşdırılan büdcə kəsirinin nəzarətdə saxlanılmasına yönəldilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Küveyt və Körfəz Əməkdaşlığı Şurasına daxil olan digər ölkələr – Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Körfəzə aid ərəb dövlətlərinin əməkdaşlıq şurası ölkələri üçün ümumi əlavə dəyər vergisinin tətbiqi məsələsini nəzərdən keçirirlər. Məqsəd neftin satışından əldə edilən gəlirlərə uyğun olaraq öz vergi bazalarını şaxələndirməkdir.
Ötən il Beynəlxalq Valyuta Fondu Küveytin korporativ gəlirlərə vergi tətbiq etmək niyyətini alqışlamış, ölkəni əlavə dəyər vergisinin tətbiqi üçün öz səylərini ikiqat artırmağa çağırmışdı.