SİYASƏT
Küveyt ictimaiyyəti Ermənistanın son hərbi təxribatları barədə məlumatlandırılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Ermənistanın son təxribatları ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Elxan Qəhrəman Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün apardığı hərbi əməliyyatlar barədə məlumat verib. Səfir diqqətə çatdırıb ki, Ermənistan ordusunun sentyabrın 27-də beynəlxalq hüquq qaydalarını pozaraq Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olub. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.
Səfir Azərbaycan cəmiyyətinin tam birlik nümayiş etdirərək, Vətən müharibəsi apardığını diqqətə çatdırıb, bütün siyasi təşkilatların hökumətə, Ali Baş Komandana dəstək verdiyini açıqlayıb. O, həmçinin bu günədək işğaldan azad edilən ərazilərimiz barədə məlumat verib. Diplomat, habelə Ermənistanın 1949-cu il Cenevrə Konvensiyasını və onun Əlavə protokollarını kobud şəkildə pozaraq, mülki əhalini, yaşayış yerlərini və ictimai obyektləri, məktəbləri, bağçaları raket hücumuna məruz qoymaqda davam etdiyini diqqətə çatdırıb.
Qarabağda Azərbaycan tərəfdən guya muzdluların döyüşməsi iddialarının əsassız olduğunu deyən E.Qəhrəman bəzi media orqanlarının yalan və qərəzli xəbərlər yaymasının yolverilməzliyini diqqətə çatdıraraq bildirib: “Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün Vətən müharibəsi aparır. Başqa ölkənin torpaqlarında gözümüz və iddiamız yoxdur. Əminik ki, haqq işimizdə qalib gələcəyik”.
Qeyd edək ki, “Dasman News” agentliyi mətbuat konfransı ilə bağlı xəbər yayıb.