CƏMİYYƏT
Küveyt mediası Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş məqalələr dərc edib

Bakı, 15 iyun, AZƏRTAC
Azərbaycanın Küveytdəki səfirliyi 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı məlumatların bu ölkənin aparıcı kütləvi informasiya vasitələrində geniş yayılması məqsədilə yerli media nümayəndələri ilə səmərəli iş aparıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Küveytin geniş oxucu kütləsinə malik olan "Əl-Vasat" qəzetinin elektron səhifəsində, "Bobiannews.net”, “q8-press.com” “zawayakw.com” və “Dasman news” elektron xəbər portallarında "Azərbaycanın Küveytdəki səfirliyi Milli Qurtuluş bayramını qeyd edir" sərlövhəli məqalələr dərc olunub.
Məqalələrdə 1991-ci ilin oktyabrında Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonrakı mərhələdə ölkədə daxili vəziyyət və hakimiyyət böhranının yaranması, ictimai həyatın bütün sahələrində xaos və özbaşınalığın baş qaldırması və orduda vəziyyətin ağırlaşması, habelə daxildə qarşıdurmanın vətəndaş müharibəsi dərəcəsinə çatması barədə ətraflı söhbət açılıb. Küveytli oxucuların diqqətinə çatdırılıb ki, respublikada rəhbərliyə yiyələnmək üçün müxtəlif şəxslər və qruplar arasında mübarizə aparılır və həmin dövrdə hakimiyyəti ələ keçirən naşı “siyasətçilər” özlərinin qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəklərini nümayiş etdirir, bütün bunların nəticəsində ölkədə real vətəndaş müharibəsi təhlükəsi yaranırdı. Yazılarda Vətənin belə ağır günlərində xalqın dahi siyasətçi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməsi, Ulu Öndərin xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək 1993-cü il iyunun 9-da Bakıya gəlməsi və çox qısa zaman ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bilməsi vurğulanıb.
Məqalələrdə qeyd olunub ki, 1993-cü il iyunun 15-də müdrik siyasi xadim Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə bu əlamətdar gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub, ölkədə sabitlik, sosial-iqtisadi inkişaf və tərəqqi dövrü başlayıb.