MƏDƏNİYYƏT


Küveyt məktəbində “Şuşa İli” ilə əlaqədar tədbir təşkil olunub

Qahirə, 24 noyabr, AZƏRTAC

Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyi ilə “Şuşa İli” ilə bağlı Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti Küveytin “Əl-Əvail” məktəbində “Azərbaycan küveytli uşaqların gözü ilə” adlı Beynəlxalq Gün təşkil edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbir iştirakçılarına ölkəmiz haqqında geniş məlumat verilib. Onların diqqətinə çatdırılıb ki, 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan olunub. Məktəb rəhbərliyinə Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında məlumat verilib.

Sonra səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab və Şuşa şəhərində təşkil olunmuş “Xarıbülbül” Festivalına həsr olunmuş jurnallar və digər təbliğat materialları iştirakçılara təqdim olunub. Bununla yanaşı, ölkəmizin tarixi və müasir mədəniyyət abidələrini, görməli yerlərini, tarixi məkanlarını və milli mənəvi sərvətlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz nümayiş olunub.

İştirakçılar tərəfindən xüsusi maraqla qarşılanan tədbirdə şagirdlər Azərbaycan dilində uşaq mahnıları ifa ediblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.