SİYASƏT
Küveyt qəzetlərində Azərbaycanla bağlı məqalələr dərc olunub
Bakı, 1 iyun, AZƏRTAC
Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Jareeda”, “Əl-Vasat” qəzetlərinin və "Dasmannews" elektron xəbərlər qəzetinin 28 may tarixli buraxılışlarında “Azərbaycan səfirliyi: Ölkəmiz dünya miqyasında mühüm rol oynayan dövlətə çevrilmişdir”, “Müsəlman Şərqində ilk parlamentli Respublikanın qurulmasından 102 il keçir” və “Azərbaycan səfirliyi: Küveyt milli prinsiplərə əsaslanan tarazlaşdırılmış siyasət modelidir” sərlövhəli məqalələr dərc edilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə 102 il əvvəl 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından bəhs olunur. Bildirilir ki, Azərbaycan tarixində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti bütün Şərqdə, о cümlədən İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olub və bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınıb. Azərbaycan Xalq Cümhuriyyəti bir çox ölkələrdən əvvəl qadınlara seçki hüququ verib. Cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişafı istiqamətində bir sıra mühüm addımlar atıb, milli valyutasını dövriyyəyə buraxıb, dövlət bankı yaradıb və digər mühüm iqtisadi islahatlar həyata keçirib.
Məqalələrdə Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyi vurğulanır, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlərdən bəhs olunur. Qeyd olunur ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış milli enerji strategiyası xalqın rifahı və tərəqqisinə yönəldilib, 1994-cü ilin sentyabr ayında Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqqında dünyanın ən iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanıb.
Yazılarda Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında ticarət əlaqələrini və iqtisadi əməkdaşlığı gücləndirmək üçün tarixi "İpək Yolu" nun bərpasına Azərbaycanın verdiyi dəstək xüsusi vurğulanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu inkişafının davam etdiyi qeyd edilir. Məqalələrdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal layihələrdən bəhs olunur, ölkəmizdə aparılan islahatlar iqtisadiyyatın daha da inkişafına təkan verdiyi qeyd edilir. Bu gün Azərbaycanın güclü bir ölkəyə çevrildiyi, Mərkəzi Asiya və Xəzəryanı dövlətlər arasında iqtisadiyyatı ən sürətlə inkişaf edən bir ölkə olduğu diqqətə çatdırılır. Ölkəmizdə investisiyanın təşviqi mexanizminin həyata keçirildiyi və əlverişli investisiya mühitinin yaradıldığı, Azərbaycan təbii sərvətlərlə, xüsusilə neft və qaz ilə zəngin bir ölkə olduğu bildirilir.
Eyni zamanda, Azərbaycanın zəngin mədəni irsə sahib olan bir ölkə olduğu, Azərbaycanda müxtəlif mədəniyyətlərin, millətlərin nümayəndələrinin bərabər şəkildə yaşadığı, bunun bir çox ölkələrə nümunə olduğu qeyd edilir.
Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın danışıqlar yolu ilə azad edilməsi, eləcə də inkişafın dayanaqlılığının təmin edilməsi istiqamətində yorulmaz fəaliyyətini davam etdirdiyi xüsusilə vurğulanıb.
Göstərilənlərlə yanaşı, ölkəmizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Küveyt Dövlətinin daim ölkəmizin haqlı mövqeyini dəstəklədiyi və bu mövqeyin Azərbaycan xalqı və hökuməti tərəfindən yüksək qiymətləndirildiyi oxucuların diqqətinə çatdırılıb.