REGİONLAR
Küveyt səfiri muxtar respublikanın istehsal, sənaye və mədəniyyət müəssisələri ilə tanış olub
Naxçıvan, 28 sentyabr, AZƏRTAC
Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində buradakı istehsal, sənaye və mədəniyyət müəssisələri ilə tanış olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, diplomat əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Sonra yerli istehsal məhsullarının sərgiləndiyi Naxçıvan Biznes Mərkəzinə gələn qonağa məlumat verilib ki, muxtar respublikada sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində 382 növdə məhsul istehsal olunur. Bunun da 126 növü ərzaq, 256 növü isə qeyri-ərzaq məhsullarıdır.
Səfir Naxçıvan Avtomobil Zavodunun istehsal potensialı ilə də maraqlanıb. Bildirilib ki, burada istehsal prosesi konveyer üsulu ilə təşkil edilib.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanış olan səfirə məlumat verilib ki, müəssisədə 12 çeşiddə mineral su istehsal olunur. Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət edilir.
Diplomat “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə də maraqlanıb.
“Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində səfirə bu müəssisənin istehsal gücü, burada istehsal olunan məhsulların çeşidi haqda ətraflı məlumat verilib. Qeyd olunub ki, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndləri ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşlar emal üçün bu müəssisəyə gətirilir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir. Müəssisədə Türkiyə istehsalı olan “Sesemak” markalı avadanlıqlar quraşdırılıb. Böyük və kiçikölçülü travertin plitələrdən, əsasən, binaların fasadının və həyətyanı sahələrin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərinin hazırlanmasında istifadə olunur. Gündəlik maksimum istehsal gücü 2000 kvadratmetr olan müəssisədə klassik ağ və qara suyollu travertin məhsulları ilə yanaşı, Naxçıvan sədəfi və qara inci mərmər, sienit də istehsal edilir. Həmçinin müəssisədə dekorasiya sexi də fəaliyyət göstərir. Burada müasir texnoloji avadanlıqlar quraşdırılıb.
Səud Əbdüləziz əl-Rumi “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini də ziyarət edib.
Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Naxçıvan Dövlət Xalça Muzeyində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və Duzdağ Fizioterapiya Mərkəzində də olub.