SİYASƏT


Küveytdə Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib

Qahirə, 11 may, AZƏRTAC

Ölkəmizin Küveytdəki səfirliyində Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın banisi, dahi rəhbər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində “Vətənsevər” Küveyt-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, qardaş Türkiyənin vətəndaşları, Küveyt ictimaiyyətinin nümayəndələri, Azərbaycanda təhsil alan küveytli tələbələr, eləcə də səfirliyin əməkdaşları Ulu Öndərin büstü önünə tər çiçək dəstələri qoyub, onun mənalı ömür yolu və siyasi fəaliyyətinə həsr olunmuş filmə tamaşa edib, fotosərgi və müxtəlif nəşrlərlə tanış olublar.

Tədbirdə çıxış edən səfir Elxan Qəhrəman Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, dahi lider 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra dövlətçiliyi məhv olmaqdan xilas edib və dövlət quruculuğu ilə bağlı mühüm addımlar atıb. Prezident İlham Əliyev onun müdrik siyasətini davam etdirib, ata vəsiyyətini yerinə yetirərək Qarabağ torpaqlarının Ermənistan işğalından azad edilməsində misilsiz xidmətlər göstərib.

Səfir Azərbaycanın iqtisadi inkişafından, həyata keçirilən qlobal layihələrdən və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan da bəhs edib. O bildirib ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etməsi ölkəmizin bu təşkilata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürüdür. Xüsusən, COVID-19 pandemiyası dövründə dünyanın bir çox ölkələrinə humanitar yardımların edilməsi və dövlətimizin təşəbbüsü ilə BMT çərçivəsində qətnamə layihələrinin qəbulu Azərbaycanın imicinə müsbət təsir göstərən amillərdir. Ölkəmiz, həmçinin bir çox mötəbər beynəlxalq konfranslara, forumlara və yarışlara ev sahibliyi edir.

E.Qəhrəman işğaldan azad olunmuş torpaqlarımızda aparılan sürətli quruculuq və bərpa işləri barədə də iştirakçılara məlumat verib.

Sonda Ümummilli Liderin və 44 günlük Vətən müharibəsində canlarını qurban verən şəhidlərimizin ruhuna dualar oxunub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.