QAN YADDAŞI


Küveytdə keçirilən anım tədbirində 20 Yanvar faciəsinin səbəb və nəticələrindən danışılıb

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı anım tədbiri təşkil edib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Səfir Elxan Qəhrəman Azərbaycan xalqının tarixinə matəm və eyni zamanda, qəhrəmanlıq günü kimi daxil olmuş 20 Yanvar hadisələri ilə bağlı çıxış edib. O deyib ki, bu cinayət nəticəsində 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər həbs olunub. Öldürülən dinc sakinlər arasında uşaqlar, yaşlılar və qadınlarla yanaşı, azərbaycanlılar da daxil olmaqla, müxtəlif etnik və dini qrupların nümayəndələri var idi. Hərbi əməliyyat SSRİ və Azərbaycan Sovet Sosialist Respublikasının konstitusiyalarının, habelə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın kobud şəkildə pozulması demək idi. Həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev faciənin ertəsi günü həyatı üçün təhlükəyə məhəl qoymadan Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getdi və minlərlə insan qarşısında çıxış etdi. O, azərbaycanlıların qətlinə görə SSRİ kommunist liderlərini sərt şəkildə qınadı. Rejimin əleyhinə ilk açıq bəyanat bu hadisə ətrafında informasiya blokadasını qırmaqla yanaşı, həm də azərbaycanlıların qəlbində inam hissini gücləndirdi.

Səfir 20 Yanvar hadisələrinin beynəlxalq mətbuatda işıqlandırılması, bu hadisələrin nəticəsində SSRİ-nin süquta uğraması və Azərbaycan xalqının müstəqillik əldə etməsi haqqında danışaraq faciəni, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixi kimi qiymətləndirdi: “O gün Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu. Azərbaycan xalqına qarşı amansızcasına güc tətbiq olunması əks-təsir yaratdı. Çökən imperiya xilas olmaq şansını dəfn etdi və müstəqillik uğrunda milli hərəkatı canlandırdı. Hərbi, siyasi və mənəvi təcavüzə baxmayaraq, Azərbaycan milli-azadlıq hərəkatını, mübarizəni davam etdirdi və sovet təhdidinə qarşı dayana bildi.

Səfir ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailə üzvlərinə göstərdiyi qayğı barədə də danışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir təəssüflə qeyd edib ki, bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətini təsdiqləyən və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi hələ də yerinə yetirilmir. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Parlamenti də Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən qətnamələr qəbul edib.

Mərasimdə Küveytdə daimi və müvəqqəti yaşayan azərbaycanlılarla yanaşı, türk diasporunun nümayəndələri, Türkiyə, Rusiya, Qırğızıstan, Əfqanıstan, Pakistan, Qazaxıstan, Gürcüstan səfirləri və səfirliklərin əməkdaşları, o cümlədən yerli KİV-lərin və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbir barədə Küveytin ərəbdilli “dasmannews.com” xəbər saytında, “Əl-Nahar” və “Əl-Vasat” qəzetlərində, eləcə də ingilisdilli “Timeskuwait” saytında məlumatlar yayılıb. Bununla yanaşı, tədbir keçirilən zalın foyesində 20 Yanvar faciəsinə həsr edilmiş fotosərgi təşkil olunub, film və kitablar nümayiş etdirilib.

Eyni zamanda, səfirliyin press-relizi Küveytin dövlət, hökumət qurumlarına, parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə, həmçinin Azərbaycan ombudsmanının bəyanatı Küveytin Xarici İşlər Nazirliyinə və ölkədə akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.