SİYASƏT


Küveytin “The Times” qəzeti Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan yazıb

Qahirə, 20 oktyabr, AZƏRTAC

Küveytin ingilis dilində nəşr olunan “The Times” qəzetində Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan bəhs edən məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının üzvü olduğu, Qoşulmama Hərəkatına sədrlik etdiyi, ərəb dövlətləri, o cümlədən Küveytlə əlaqələrinin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Yazıda vurğulanıb ki, müstəqilliyin ilk illərində beynəlxalq humanitar yardım qəbul edən Azərbaycan, indi yoxsul ölkələrə kömək edən donora çevrilib. Bu dəyişikliklər sürətli iqtisadi inkişafın, ardıcıl həyata keçirilən neft strategiyasının, transmilli enerji və kommunikasiya layihələrinin nəticəsidir. Prezident İlham Əliyevin Sərəncamı ilə İƏT-ə üzv ölkələr də daxil olmaqla, dünyanın müxtəlif yerlərindən olan tələbələr Azərbaycan universitetlərində ödənişsiz təhsil alırlar. Bundan başqa, Qoşulmama Hərəkatının sədri olan dövlət başçısı COVID-19 pandemiyası dövründə 30 ölkəyə maliyyə yardımı göstərilməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsait ayrılmasına dair göstəriş verib.

Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası, ölkəmizin ümumi daxili məhsulunun Cənubi Qafqaz respublikalarının ÜDM məcmusunun 70 faizini təşkil etməsi və regionun lider dövləti olması, Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi, neft-qaz boru kəmərləri layihələri barədə ətraflı məlumat verilir.

Sonda vurğulanır ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş Qarabağı “yaşıl zona” elan edib, həmçinin həmin ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələri həyata keçiriləcək. Azərbaycanın dövlət başçısı Qarabağ torpağının cənnətə çevriləcəyini bəyan edib və ölkədə bunu həyata keçirmək üçün bütün imkanlar mövcuddur.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.