REGİONLAR
“Kvartal-95” yumor qrupu Qəbələdə konsert proqramı ilə çıxış edib VİDEO
Qəbələ, 8 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ şəhərində keçirilən XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı çərçivəsində “Kvartal-95” yumor qrupu tamaşaçıların qarşısına zəngin konsert proqramı ilə çıxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində Ukraynanın tanınmış yumor aktyoru Vladimir Zelenskinin rəhbərliyi ilə təqdim olunan konsertin tamaşaçıları arasında Ukrayna, Belarus, Rusiya və Avropa ölkələrindən 1000-ə yaxın turist, eləcə də yerli yumorsevərlər olub. Gülüş ustaları zarafat dolu maraqlı söhbətləri ilə tamaşaçıları güldürüb, xoş anlar yaşadıblar. İki saat davam edən konsert alqışlarla qarşılanıb.
Sonra Vladimir Zelenski Azərbaycan barədə xoş təəssüratlarını tamaşaçılarla bölüşüb, gözəl təbiəti olan Qəbələni çox sevdiyini bildirib. Qəbələdən sonra Bakıda da “Kvartal-95” yumor qrupunun üzvləri ilə birgə konsertlə çıxış etmək istədiyini bildirən Vladimir Zelenski Azərbaycanda komediya janrında film çəkmək arzusundan da danışıb.
Qeyd edək ki, Qəbələyə ailəvi gələn xarici turistlər festival çərçivəsində rayonun Nic qəsəbəsindəki “Cotari” alban kilsəsində təşkil olunan Milad bayramı ilə bağlı mərasimdə iştirak ediblər.
XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı “Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilir. Yanvarın 5-də başlayan festival altı gün davam edəcək.