MƏDƏNİYYƏT
Kyra Brenzinger: Azərbaycan zərgərlik sənətinin bədii-texniki ənənələri ilə maraqlanıram
Paris, 25 sentyabr, AZƏRTAC
Zərgərlik üzrə ixtisaslaşmış jurnalist Kyra Brenzinger İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin stendini ziyarət etdikdən sonra təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
Kyra Brenzinger “Azərbaycan şəhərciyi”nin təşkilinin vacibliyini diqqətə çatdıraraq bunun ölkəmizlə yaxından tanış olmağa imkan yaratdığını deyib. O, tariximizi, mədəniyyətimizi əks etdirən şəhərcikdə daha çox incəsənət bölməsi ilə maraqlandığını söyləyib və zərgərlik məhsullarına heyranlığını gizlətməyib.
Kyra Brenzinger Azərbaycan zərgərlik sənətinin qədim və zəngin bədii-texniki ənənələri ilə maraqlandığını bildirib, qızıl, gümüş metal tellərdən hörülmüş, qızıl suyuna salınmış gümüşdən hazırlanmış zərgərlik işlərinin yüksək keyfiyyətini vurğulayıb.
Jurnalist kəlağayı sənətinin çağdaş varisi batikaya valeh olduğunu da qeyd edib. O, Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin sayəsində ölkəmizlə yaxından tanış olduğunu vurğulayaraq, onun təşkilatçılarına təşəkkür edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris