DÜNYA
Kyuşu adasında leysan yağışlar nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb
Tokio, 8 iyul, AZƏRTAC
Artıq üç gündür ki, leysan yağışlar fasiləsiz olaraq Yaponiyanın cənub-qərb regionuna ciddi ziyan vurur. NHK telekanalının yaydığı son məlumatlara görə, təbii fəlakət nəticəsində 15 nəfər həlak olub, 10 nəfər itkin düşüb.
Hazırda 54 mindən çox sakin təxliyə xəbərdarlığı alıb, minlərlə xilasedici sağ qalanların axtarışı ilə məşğuldur.
Kyuşu adasında Fukuoka prefekturasının ayrı-ayrı rayonları iki gün ərzində düşən 600 millimetrlik yağıntıdan ciddi ziyan çəkib.
Qonşu prefekturalar olan Fukuoka və Oiçada daşqın və torpaq sürüşmələri nəticəsində 500 nəfərin ətraf aləmlə əlaqəsi kəsilib. Yerli hakimiyyət orqanları Oiça prefekturasının Hiça şəhərinin 12 sakini ilə əlaqə yarada bilmədiklərini deyiblər.
İyulun 7-də leysan yağışlar Kyuşu adasının şimal rayonlarına çatıb. Meteoroloqlar şənbə günü də davam edəcək yağışlar nəticəsində yeni torpaq sürüşmələri və daşqınlar barədə xəbərdarlıq edirlər.
Rəsmi mənbələr tərəfindən Kyuşu adasının bəzi rayonlarında müvafiq statistikanın aparılmağa başladığı 1976-cı ildən bəri ən güclü yağışların qeydə alındığı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio