İDMAN
LƏNKƏRANDA BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Mərasimdə rayon gənclər və idman idarəsinin rəis əvəzi Məlahət Tağıyeva və şəhər icra hakimiyyəti başçısının müavini İlkin Rəhimov çıxış edərək gəncləri bayram münasibətilə təbrik etmiş, “2007-ci ilin gənclər ili elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli Sərəncamını gənclərə göstərilən yüksək etimad kimi qiymətləndirmiş, yola saldığımız ildə rayon idmançılarının qazandığı uğurlardan danışmışlar.
Tədbirdə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafından bəhs edən sənədli film göstərilmişdir. Sonra rayonda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan veteran idmançılara şəhər icra hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim edilmişdir.
Bayram mərasimində rayonun idmançıları, hərbçilər və musiqi kollektivləri konsert proqramı ilə çıxış etmişlər.