MƏDƏNİYYƏT
LƏNKƏRANDA BEYNƏLXALQ TEATR GÜNÜ İLƏ ƏLAQƏDAR MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Beynəlxalq teatr gününə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin adını daşıyan şəhər parkında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzmüş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, teatrın direktoru İslam Həsənov, xalq artistləri Qabil Quliyev və Böyükxanım Əliyeva, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayev və başqaları sənətsevərləri Beynəlxalq teatr günü münasibətilə təbrik etmiş, 34 yaşlı Lənkəran teatrının kollektivinə yaradıcılıq uğurları arzulamışlar.
Süleyman Mikayılov kollektivin üzvlərinə mükafatlar və xatirə hədiyyələri təqdim etmişdir.
Mərasimdə teatrın aktyorlarının ifasında tamaşalardan parçalar göstərilmiş, “Səma” instrumental qrupu maraqlı konsert proqramı ilə çıxış etmişdir.