İQTİSADİYYAT
LƏNKƏRANDA MALİYYƏ İŞÇİLƏRİNİN ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Respublikanın maliyyə naziri Əvəz Ələkbərov müşavirədə çıxış edərək 2003-cü ildə ölkəmizin sosial–iqtisadi inkişafı sahəsində qazanılan nailiyyətlərdən söhbət açmış, həmin dövrdə ümumi daxili məhsulun real artımının 11,2 faiz olduğunu, bu göstəricinin adambaşına düşən həcminin 10,3 faiz artaraq, 880 ABŞ dollarına yüksəldiyini diqqətə çatdırmışdır.
2003-cü ilin dövlət büdcəsinin mədaxil proqnozunun 100,2 faiz icra olunduğunu xatırladan nazir, xərclərin icrası zamanı, ilk növbədə, sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə üstünlük verildiyini bildirmişdir.
Zona müşavirəsində 2003-cü il dövlət büdcəsinin icrası və cari ilin birinci rübündə büdcənin vəziyyəti ətraflı müzakirə olunmuşdur. Ötən dövr ərzində bu sahədə bir sıra nailiyyətlərin qazanıldığı diqqətə çatdırılaraq, nöqsanların olduğu da qeyd edilmişdir. Bəzi büdcə təşkilatlarında uçot–hesabat işlərinin təşkili və aparılmasında nöqsanlara yol verilmiş, xərcilərin maliyyələşdirilməsində bərabərlik bəzi hallarda gözlənilməmiş, büdcədən maliyyələşən təşkilatlarda ciddi qanun pozuntularına, dövlət vəsaitinin israfına yol verildiyi vurğulanmışdır.
Müşavirənin sonunda iştirakçılara növbəti ilin büdcə layihəsinin tərtibi istiqamətində lazımi tədbirlərin görülməsi, yeni gəlir mənbələrinin aşkar edilməsi, lüzumsuz xərclərə yol verilməməsi və xərclərin proqnozlaşdırılması zamanı normativ sənədlərin əsaslandırılmasına dair ciddi tapşırıqlar verilmişdir.