İQTİSADİYYAT
LAYİHƏNİN ÜÇÜNCÜ MƏRHƏLƏSİNƏ BAŞLANILMIŞDIR
Dövlət Gömrük Komitəsinin BMT İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi "DGK-nın potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması" layihəsinin 2003-2004-cü illəri əhatə edən 3-cü mərhələsinin icrasına başlanılmışdır.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçiriləcək tədbirlərdə əsasən ixtisaslaşdırılmış proqram təminatının yaradılması və sınaqdan keçirilməsi, şəxsi heyətin müvafiq təlimi və bu sahədə tədqiqatların aparılması nəzərdə tutulmuşdur.
1999-cu ilin yanvar ayından fəaliyyətə başlayan və informasiya-kommunikasiya texnologiyalarının dövlət idarəetmə orqanlarında tətbiqinin qabaqcıl nümunələrindən biri olan bu layihənin birinci və ikinci mərhələlərində ingilis dili üzrə altı aylıq kurslar, peşə sahəsində mövcud olan xarici təcrübənin öyrənilməsi ilə bağlı Almaniyadan və Rusiyadan gəlmiş mütəxəssislər tərəfindən treyninqlər keçirilmişdir.