İQTİSADİYYAT
LAYİHƏ CİDDİ MÜZAKİRƏ OLUNDUQDAN SONRA YENİDƏN İŞÇİ QRUPUNA QAYTARILMIŞDIR
İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu qanun dövlət əmlakına mülkiyyət hüququ və digər hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və onlara xitam verilməsinin dövlət qeydiyyatını müəyyən edir. Layihə birinci oxunuşda müzakirə edilərkən bir sıra ciddi irad və təkliflər irəli sürülmüşdür. İşçi qrupu onların bəzilərini nəzərə alaraq ikinci oxunuş üçün müzakirəyə çıxarmışdır.
Müzakirələr zamanı Ədliyyə Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin məsul işçiləri və digər əlaqədar təşkilatların nümayəndələri layihədə ciddi qüsurların olduğunu və layihədəki bəzi maddələrin Mülki Məcəllə ilə ziddiyyət təşkil etdiyini bildirmişlər.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə layihə ilə bağlı öz tövsiyələrini verdikdən sonra sənəd yenidən işlənmək üçün işçi qrupuna qaytarılmışdır.