REGİONLAR
LAY SULARINI ARTIRAN SƏBƏBLƏR ÖYRƏNİLİR
Ağsu rayonunda torpaqlardan səmərəli istifadə olunması, yüksək məhsuldarlığın təmin edilməsi məqsədi ilə xüsusi mütəxəssislər qrupu işləyir. Bu qrup əkin sahələrinə, fərdi yaşayış evlərinə ziyan vuran, fermer və özəl torpaq sahibləri üçün çətinliklər yaradan lay sularının artma səbəblərini araşdırır.
Rayona dəvət olunmuş və qrupa rəhbərlik edən Azərbaycan Dövlət Su Təsərrüfatı Qurğularını layihələndirmə İnstitutunun nümayəndəsi Sahib Baloğlanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, adətən şoran ərazilərdə mütəmadi yağış nəticəsində üzə çıxan lay suları hazırda Ərəbmehdibəy, Xəlilli, Mustafalı, Ağabəyli və s. kəndlərdə 29 min hektar əkin sahəsinə, 1000-dək fərdi yaşayış evinə ziyan vurmuşdur. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, lay sularının çoxalması səbəbləri çaydan və kanaldansızma ilə yanaşı, həm də mövcud kollektor-drenaj şəbəkələrinin suburaxma qabiliyyətini itirməsidir. Bununla əlaqədar lazımi sənədlər tərtib olunmuş, təkliflər hazırlanmışdır.