MƏDƏNİYYƏT
“LEYLİ VƏ MƏCNUN” BƏDİİ FİLMİ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq müstəqil kinofestivalda “Azərtelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan “Leyli və Məcnun” bədii filmi mükafata layiq görülmüşdür.
Filmin quruluşçu rejissoru Şamil Nəcəfzadə AZƏRTAC-ın müxbirinə demişdir ki, Fransa, Finlandiya, Makedoniya, Yuqoslaviya, Rusiya, Estoniya və digər ölkələrdən təqdim olunmuş 100-ə yaxın ekran əsərindən proqrama yalnız 20 bədii film daxil edilmişdi. Beş gün davam edən festivalda dörd nominasiya üzrə qaliblər müəyyən olunmuşdur. Ən yaxşı viziual-plastik həllə görə üstünlük “Leyli və Məcnun” bədii filminə verilmişdir.
Dahi Füzulinin eyniadlı poeması əsasında 1996-cı ildə çəkilmiş film bu ilin martında Finlandiyanın paytaxtı Helsinki şəhərində Azərbaycan kinosu günləri çərçivəsində də nümayiş etdirilmişdir.