SİYASƏT


“LİDER” YARIMDALMA ÜZƏN QAZMA QURĞUSU İSTİFADƏYƏ VERİLMİŞDİR

İyulun 24-də respublikamızın paytaxtında “lider” yarımdalma üzən qazma qurğusunun istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Azərbaycanın dövlət himni əzəmətlə səsləndirildi.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev mərasimi açaraq dedi ki, bu gün müstəqil ölkəmizin iqtisadiyyatında, Prezidentimiz Heydər Əliyevin neft strategiyasının reallığa çevrilməsi prosesində çox əhəmiyyətli, əlamətdar hadisə baş verir, yeni bir mühüm mərhələ başlanır. Xəzər dənizinin Azərbaycan hissəsinin və bütövlükdə Xəzər regionunun dərin sularda neft və qaz yataqlarının kəşfi üçün yeni tikilmiş nəhəng və dünyada təkrarı olmayan bu qazma qurğusu Azərbaycanın inkişafının rəmzinə çevriləcəkdir. Bu və digər nailiyyətlərimiz bilavasitə möhtərəm Heydər Əliyevin rəhbərliyi altında əldə olunmuşdur və onun adı ilə bağlıdır.

Azərbaycan Prezidentinin köməkçisi Əli Əsədov dövlətimizin başçısının mərasim iştirakçılarına təbrik məktubunu oxudu. (Məktubun mətni qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

Daha sonra Natiq Əliyev çıxış edərək bildirdi ki, son illər itifadəyə verilən “Dədə Qorqud”, “İstiqlal” qazma qurğuları və Bakıda yenidən inşa olunmuş “Qurtuluş” özüqalxan qazma qurğusu çox uğurla istismar edilir və bunların köməyi ilə “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz” yataqlarında və digər strukturlarda bir neçə kəşfiyyat quyusu qazılmışdır. Xəzər dənizində suyun dərin hissələrində yerləşən “Alov”, “Şərq”, “Zəfər”, “Məşəl”, “Savalan” və sair kəşfiyyat blokları üzrə qazma işlərini sürətləndirmək üçün yeni qazma qurğusuna ehtiyac var idi. Bu məqsədlə EksonMobil, ŞevronTexaso, KonokoFillips və Total şirkətləri yeni qazma qurğusunun inşa edilməsi barədə qərar qəbul etdilər.

Natiq vurğuladı ki, ARDNŞ-in, “LUKoyl” və “Keppel Fels” şirkətlərinin yaratdıqları “Kaspian Şhipyard Kompani” müştərək müəssisəsinin gərgin əməyi nəticəsində inşa edilən, ümumi dəyəri 250 milyon dollar olan, müasir avadanlıqla təchiz olunmuş bu möhtəşəm qurğu dənizin 75 metrdən 1025 metrədək dərinliyində 9144 metrədək kəşfiyyat quyularının qazılmasına imkan verir. Qurğunun inşasına 2001-ci ilin avqustunda başlanmış və nəzərdə tutulduğundan 2 ay qabaq başa çatdırılmışdır. Onun inşasında iştirak edən mütəxəssislərin 80 faizi azərbaycanlılar olmuşdur.

Bu möhtəşəm qazma qurğusu neftçilərin Azərbaycan xalqına hədiyyəsidir. Biz neftçilər bütün xalqımız kimi yaxşı bilirik ki, hörmətli Prezidentimiz Heydər Əliyev Azərbaycanın inkişafı, çiçəklənməsi istiqamətində, milli dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində misilsiz işlər görmüşdür. Buna görə də biz Prezident Heydər Əliyevi daim dəstəkləyəcəyik, hər zaman onu dövlətimizin başçısı vəzifəsində görmək istəyirik.

Prezidentimizin səhhəti ilə bağlı müxalifət mətbuatında dərc olunan məqalələrə toxunan Natiq Əliyev bu cür yazıların xalqımızı hiddətləndirdiyini söylədi, dövlətimizin başçısına cansağlığı və uzun ömür arzuladı, ARDNŞ-in birinci vitse-prezidenti kimi İlham Əliyevin respublikamızın sosial-iqtisadi həyatında mühüm rol oynayan neft sazişlərinin hazırlanmasında, imzalanmasında və həyata keçirilməsində müstəsna xidmətlərini yüksək qiymətləndirdi, onun iqtisadiyyatda və siyasətdə gördüyü işlər barədə danışdı.

O, “Lider” qazma qurğusunun tikintisində iştirak edən şirkətlərin nümayəndələrini, layihənin rəhbərliyini, neft sənayesi işçilərini və Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik etdi.

Sonra “Maersk Contraktors” şirkətinin icraçı direktoru Yess Soderberq, “EksonMobil” şirkətinin vitse-prezidenti Mayk Kroll, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Nənsi MakELdauni, “Keppel Fels” korporasiyasının prezidenti Lim Çi On, “Kaspian Şhipyard” şirkətinin prezidenti Bill Kiiy çıxış etdilər, yeni yaradılan qazma qurğusunun istifadəyə verilməsindən fəxr duyduqlarını və onun özünü doğruldacağını vurğuladılar. Bildirildi ki, qurğu üç illik qazma proqramının yerinə yetirilməsindən ötrü nəzərdə tutulmuşdur və Xəzər dənizində işləyən çoxsaylı qurğulardan birincisi olacaqdır.

Natiqlər Prezident Heydər Əliyevə, Azərbaycan hökumətinə, Dövlət Neft Şirkətinə dərin minnətdarlıqlarını bildirdilər və dedilər ki, tikinti işlərinin çox hissəsi Bakıda yerinə yetirilmişdir. Bu da təqribən min nəfər Azərbaycan vətəndaşı və bir çox yeni şirkətlər üçün yeni iş yerlərinin açılmasına imkan yaratmışdır. Qurğunun tikintisi bu layihənin müvəffəqiyyətlə həyata keçirilməsində iştirak edənlərin əməkdaşlığı nəticəsində yüksək nailiyyətlərin əldə olunmasının bariz nümunəsidir.

Sonra onlar öz ölkələrindən göndərilmiş təbrik məktublarını oxudular. (Məktubların mətni qəzetin bugünkü nömrəsində dərc edilir) .

“Maersk Constraktors” şirkətinin icraçı direktoru Yess Soderberq əlamətdar hadisə münasibətilə və onlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti Heydər Əliyevə bir daha dərin minnətdarlığını çatdırdı, onun rəhbərliyi altında görülən işləri yüksək qiymətləndirdi və dövlətimizin başçısına xatirə olaraq “Lider” yarımdalma üzən qazma qurğusunun maketinin hədiyyə edildiyini bildirdi.

X X X

Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev mərasimə yekun vuraraq dedi ki, ənənəvi olaraq, Prezidentimiz Heydər Əliyev hər dəfə yeni qazma qurğularına xeyir-duasını verir. Bu gün məmnuniyyət hissi ilə bir daha bildirmək istərdim ki, Prezidentimizin təbrik məktubu, onun bizə olan diqqət və qayğısı hər bir işimiz üçün çox əhəmiyyətlidir. Bu qurğunun da adı şəxsən möhtərəm Prezidentimiz tərəfindən verilmişdir. İcazə verin, mərasim iştirakçıları adından Azərbaycan Prezidenti Heydər Əliyevə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirim.

Sonra “Lider” qazma qurğusunun istifadəyə verilməsini bildirən start düyməsi işə salındı. Bununla da müstəqil Azərbaycan yeni bir tarixi hadisəni yaşadı.

X X X

Mərasimdə Azərbaycanın dövlət və hökumət adamları, nazirlər, şirkət və komitə rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər iştirak edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.