SİYASƏT
LİTVA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNİN TƏRƏFDARIDIR
Litva Respublikası parlamentinin Xarici İşlər üzrə Komitəsinin sədri, bu ölkənin Bakıda səfərdə olan nümayəndə heyətinin rəhbəri Gediminas Kirkilas AZƏRTAC-ın müxbirinə qısa müsahibə vermişdir.
Sual: Cənab Kirkilas, Litva Qafqazda baş verən münaqişələrin həllinə necə kömək edə bilər?
Cavab: Biz ilk növbədə üç Qafqaz və üç Pribaltika ölkələri parlamentləri üzvlərinin bu mövzu ilə bağlı əməkdaşlığına kömək etmək istəyirik. Biz ekspert deyilik, amma anlayırıq ki, bütün sülh proseslərinə siyasi xadimlərin atdıqları addımların və göstərdikləri səylərin böyük təsiri vardır. İlk növbədə Litva bu proseslə bağlı öz mövqeyini ortaya qoyacaq və ərazi bütövlüyü prinsipini əsas götürəcəkdir.
Sual: Litva konkret olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hansı addımları ata bilər?
Cavab: Düşünürəm ki, hansısa konkret addımlar atmaq olar. Bilirsiniz ki, Litva tezliklə Avropa İttifaqına daxil olacaq və NATO-dan da üzvlüyə dəvət alıb. Bu isə Litvanın arxasında inkişaf etmiş bütün Qərb ölkələrinin dayanması deməkdir. Bütün diplomatik yollara əl ataraq münaqişənin sülh yolu ilə, təkrar edirəm, ərazi bütövlüyü prinsipi əsasında həll olunmasına çalışacağıq.