SİYASƏT
LİTVA PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN AZƏRBAYCANA SƏFƏRİ
Martın 12-də axşam Litva parlamentinin xarici işlər komitəsinin sədri Gediminas Kirkilas başda olmaqla, bu ölkənin qanunvericilik orqanlarının nümayəndə heyəti Bakıya gəlmişdir.
Ertəsi gün qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsini anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil, şəhidlərin məzarları üstünə gül dəstələri qoymuşlar.
X X X
Nümayəndə heyəti həmin gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovla görüşmüşdür.
S.Seyidov AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyevin səmimi salamlarını qonaqlara çatdıraraq dedi ki, o, Litva parlamentinin nümayəndə heyəti ilə görüşmək arzusunda idi, lakin indi xarici səfərdədir.
Komissiyanın sədri bildirdi ki, Azərbaycan Baltikyanı respublikalarla əməkdaşlığa da xüsusi əhəmiyyət verir. Litvanın inkişafı, Avropa strukturlarında onun rolunun artması bizim diqqətimizdən kənar qala bilməz. Avropa Şurasında bəzi məsələlərin müzakirəsi zamanı Azərbaycan və Litva deputatları eyni mövqedən çıxış edirlər.
Qonaqlara Ermənistanın Azərbaycana təcavüzü və bunun ölkəmiz üçün ağır nəticələri, bu problemin sülh yolu ilə həlli sahəsində ölkəmizin göstərdiyi səylər haqqında məlumat verildi.
Səmimi salamına görə İlham Əliyevə təşəkkürünü bildirən Gediminas Kirkilas dedi ki, əvvəllər Azərbaycan Avropa ilə Şərq arasında körpü rolunu oynayırdı. İndi isə Azərbaycanla Avropanın birləşməsi layihəsi başa çatmaq üzrədir və bu da Litvanın diqqətindən yayına bilməz. Litva Avropa Birliyinə daxil olmaq üçün mayın 11-də referendum keçirəcəkdir. Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın parlament nümayəndə heyəti referendumu müşahidə etmək üçün Litvaya dəvət olunurlar. Litva NATO-ya da dəvət alıb və bu təşkilata üzvlük məsələsi də öz müsbət həllini tapacaqdır. Avropa məkanına daxil olduqdan sonra Litvanın imkanları daha da artacaqdır. Odur ki, Litva hökuməti Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq etmək istəyir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi oldu.