RƏSMİ XRONİKA
LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN NİTQİ
Xanımlar və cənablar,
Görürəm ki, hörmətli Prezident Əliyev müəyyən edilməli bütün məsələləri, demək olar ki, artıq qeyd etdi. Lakin icazə verin, mən də müəyyən amilləri vurğulayım.
Hesab edirəm ki, bu cür görüşlər hətta diplomatik toplantılardan da vacibdir. Lakin mən sizi əmin etmək istəyirəm ki, ölkələrimizin münasibətləri elə bir yüksək səviyyəyə çatıb ki, mən hətta bu cür gözəl diplomatik münasibətlərin və əməkdaşlığın daha da yaxşılaşdırılmasına ehtiyac belə görmürəm.
Ancaq biznes adamlarımızın qarşısında hələ də istifadə olunmamış böyük imkanlar durur. Mən burada Litva tərəfinin perspektivlərini nəzərdə tuturam. Tamamilə razıyam ki, biz struktur baxımından eyni məkandan, planlı iqtisadiyyatdan çıxmış ölkələrik. O vaxt azad müəssisə, azad təşəbbüs, azad enerji kimi fikirlərə imkan verilmirdi. Lakin on beş il keçdikdən sonra mən hazırda əməkdaşlığımızın formalaşmış yeni konsepsiyasını qəbul edirəm. Fərəh hissi ilə demək istəyirəm ki, bu gün biz əldə etdiyimiz nailiyyətlər, gördüyümüz işlər haqqında nəinki danışa, onu real həyatda duya da bilərik. Bunlar bizim hamımız üçün olduqca yaxşı fürsət yaradır. Mən çox şadam ki, burada bizim çox güclü biznes nümayəndələrimiz əyləşiblər. Onlar müəyyən məsələlər barədə birbaşa fikir mübadiləsi aparmaq, imkanları və əməkdaşlıq yollarını araşdırmaq fürsətinə malik olacaq və daha yaxşı məhsulların istehsalı sahəsində rəqabət yollarını müzakirə edəcəklər. Beləliklə, bizneslə məşğul olan həm sizin, həm bizim nümayəndələrimiz üçün təkan - gəlir və faydadır. Yəni burada söhbət ölkəmizə gəlib mavi gözlü gözəl sarışın qızlarla tanış olmaqdan və biznesi buna qurban verməkdən getmir. Buradakı əsas cavab - gəlirdir. Yəni Litva sizin böyük gəlirlər götürməyiniz üçün yaxşı imkanları təmin edən bir ölkədir. Bizə belə bir əməkdaşlıq lazımdır. Təbii ki, bizim ölkədə sizin təbii sərvətlər kimi resurslarımız yoxdur. Lakin bizim sizin təbii sərvətlərinizə ehtiyacımız var. Bizə enerji daşıyıcıları lazımdır. Yalnız güclü iqtisadiyyat ölkəni siyasi cəhətdən də gücləndirə bilər.
Dünən biz Prezident Əliyevlə ölkələrimizin yeni struktura malik olan Avropadakı yeri barədə danışdıq. Biz qloballaşmanı müzakirə etdik. Bəzi insanlar buna hətta nifrətlə yanaşır, lakin mən demək istəyirəm ki, bu, pis ideya deyildir. Onun nəticəsində dünya sistemində mövcud olan bazarlara çıxış açılır. Biz bunun faydası üçün çalışmalıyıq, birgə işləməliyik. Mən adətən deyirəm ki, bu, həyatımızın ən böyük imkanlarıdır. Əgər biz bunu etməsək və fürsəti əldən qaçırsaq, onda heç kimi yox, özümüzü günahlandırmalıyıq. Beləliklə, Prezident Əliyevin indi dediyi sözləri mən təkrar etməyəcəyəm. Mən sizi bu forum kimi digər tədbirlərə dəvət edir, Litvaya səfər etməyə çağırıram. Bununla siz əldə etdiyimiz tərəqqini özünüz görəcəksiniz, sıfırdan başladığımız işlərlə tanış olacaq və keçmişlə müqayisədə, yeni dəyişiklikləri seyr edəcəksiniz.
Bu fürsət üçün çox minnətdaram və ümid edirəm ki, birgə əməkdaşlıq öz bəhrəsini verəcəkdir.
Çox sağ olun.
X X X
Sonra forum işini davam etdirdi. Litvanın təsərrüfat (iqtisadiyyat) nazirinin müavini Anitsemas İqnomas çıxışında ölkəsinin enerji ehtiyatlarından, neft və qaz məhsulları istehsalından, onların maya dəyərindən, ölkə daxilində satışının təşkilindən, bu məhsulların dünya bazarına çıxarılması yollarından, yükdaşımaların təşkilindən, vergi ödənişlərindən və s. danışdı.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Emil Məcidov ölkəmizdə özəl bölmənin sürətli inkişafından, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri vasitəsilə Azərbaycan neftinin dünya bazarına çatdırılmasından, ölkə büdcəsinin sürətli artımından, əhalinin alıcılıq qabiliyyətinin gündən-günə yüksəlməsindən ətraflı bəhs etdi. O bildirdi ki, gəlirlərin müəyyən hissəsi kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrin inkişafına yönəldilir. Hazırda Azərbaycanın xarici kreditlərdən asılılığı yoxdur və ölkəmiz bizimlə işləmək istəyən əcnəbi sərmayəçilər üçün açıqdır.
Litva Sənaye İşçiləri Konfederasiyası xarici əlaqələr departamentinin direktoru Simonas Qirdziyayskas ölkəsinin iqtisadiyyatında üstünlük təşkil edən orta və kiçik biznesin inkişafı sahəsində təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verdi.
Axırda hər iki ölkənin iş adamları qarşılıqlı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə dair danışıqlar apardılar.