İDMAN
LİVİYA İSRAİL ŞAHMATÇILARINA DÜNYA ÇEMPİONATINA GƏLMƏYƏ İCAZƏ VERMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, Liviya israilli qrossmeysterlərə iyun-iyulda Tripolidə keçiriləcək dünya şahmat çempionatında iştirak etmək üçün ölkəyə gəlməyə icazə vermişdir. Cəmahiriyyənin Milli Olimpiya Komitəsinin prezidenti, Liviya lideri Müəmmər Qəzzafinin oğlu Məhəmməd İsrail Şahmat Federasiyasına məktubunda vurğulamışdır ki, onun ölkəsi “dünya çempionatında iştirak etmək istəyənlərin hamısına Liviyaya gəlmək üçün viza verəcəkdir”.
İsrailin Xarici İşlər Nazirliyi Tripolinin təklifini müsbət qarşılayaraq bildirmişdir ki, onun heç bir prinsipial etirazı yoxdur.
Xatırladaq ki, martda Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov və Müəmmər Qəzzafi iyunun 18-dən iyulun 13-dək Tripolidə keçiriləcək dünya çempionatına Liviyanın 2,2 milyon dollar ayırması haqqında müqavilə imzalamışlar. 128 şahmatçının mübarizə aparacağı bu turnirin mükafat fondu 1 milyon 580 min dollardır.
Çempionatda ilk gedişləri Qəzzafinin özü, İtaliyanın Baş naziri Silvio Berluskoni və buddaçıların ruhani lideri Dalay-lama edəcəklər.
Dünya birinciliyinin – “FİDE-nin nokaut sistemi üzrə dünya çempionatı”nın qalibinə “Qəzzafinin qızıl kuboku” veriləcəkdir.