İDMAN
LİVİYA LİDERİ İNGİLTƏRƏNİN “KRİSTAL PALAS” FUTBOL KLUBUNU ALIBMI?
AZƏRTAC xəbər verir ki, bu günlərdə xarici mətbuatın yaydığı məlumata görə, Liviya lideri polkovnik Müəmmər Qəzzafi İngiltərənin “Kristal Palas” futbol klubunu almaq niyyətindədir. Lakin Qəzzafinin ətrafındakılar bu xəbəri təkzib etmişlər. Onun nümayəndəsi bildirmişdir: “Cənab Qəzzafinin “Kristal Palas”ı guya almaq niyyətində olduğu barədə şayiələri biz ona çatdırdıq. O, çox təəccübləndi, çünki bu barədə heç nə bilmir və belə fikrə də düşməyibdir”.
Xatırladaq ki, iyulun 17-də Britaniyanın “Qardian” qəzeti yazmışdı ki, Qəzzafi və oğlu Əl-Səədi Liviya Ərəb Xarici Sərmayə Şirkətinin vasitəsilə “Kristal Palas”ın başçısı Saymon Cordanla əlaqə yaratmış və İngiltərə çempionatının güclülər dəstəsində oynayan bu klubu onlara satmağı təklif etmişlər”.
Belə bir marağın olduğunu Cordanın özü də təsdiqləmişdir. O demişdir: “Əgər bu sövdələşmə klub üçün sərfəli olarsa, biz onların təklifinə baxacağıq”.
Müxtəlif məlumatlara görə, İtaliyanın “Yuventus” klubu sərmayələrinin 5,31 faizindən 7,50 faizinədək Liviya liderinə məxsusdur. Onun oğlu Əl-Səədi İtaliyanın “Peruca” klubunda oynayır.